Narkomaniyaya qarşı mübarizənin ən effektiv üsullarından biri də narkomaniyadan əziyyət çəkən insanların reabilitasiya mərkəzində müalicə kursu keçməsidir. Reabilitasiya Mərkəzində narkomaniya asılılığından müalicə dərman vasitələri ilə deyil, məhz psixoloji aspektdən həyata keçirilir. Çünki bu asılılıq növü məhz psixoloji asılılıqdır.
Qurtuluş Reabilitasiya Mərkəzində də narkotikdən sağalma prosesi ümumilikdə aşağıdakı mərhələlərdən ibarətdir:
Detoksikasiya
Reabilitasiya
Sosial adaptasiya
Anonim Narkotiklər Cəmiyyəti
Gəlin, birlikdə bu mərhələlərlə yaxından tanış olaq.
Detoksikasiya nədir?
Narkomaniyadan sağalma prosesində detoksikasiya xüsusi rol oynayır. Detoksikasiya orqanizmi toksinlərdən təmizləmək, kəskin abstinent sindromunu aradan qaldırmağa yarayır. Loru dillə desək, “lomkadan çıxmağa” xidmət edir. Ancaq bir çox hallarda insanlar bu barədə səhv məlumata malikdirlər. Narkotik asılısını detoksikasiyadan keçirərək, müalicənin bitdiyini zənn edirlər. Ancaq bu mərhələ ümumi sağalma prosesinin yalnız bir hissəsidir. Detoksikasiya bədəni ağrılardan xilas edir, əvvəldə də qeyd etdiyimiz kimi, narkomaniya bəlası psixolojik səbəblərdən meydana çıxır. Odur ki, insan psixologiyası müalicə edilmədən, narkomanın travmaları ilə işlənmədikcə, o yenidən istifadəyə qayıda bilər.
Narkotik asılılığından sağalmanın reabilitasiya mərhələsi
Narkotik asılılığından sağalmanın detoksikasiyadan sonrakı mərhələsi reabilitasiyadır. Reabilitasiya mərhələsində asılı şəxs ilə peşəkar müəllimlər, psixoloqlar işləyir. Burada psixoaktiv maddələrin istifadəsinə aparan yollar öyrənilir, narkomanın travmaları ilə işlənilir. Bu proses altı ay müddətində davam edir.
Narkomaniyadan xilas olan şəxsin – Sosial adaptasiyası
Narkotik asılısı reabilitasiya mərhələsini keçdikdən sonra sosial adaptasiya dövrü başlayır. Keçmiş narkomanın cəmiyyətə reinteqrasiya etməsi üçün, onun ailəsi və çevrəsi ilə münasibətlərin yenidən qurulmasına başlanılır. Çünki narkoman asılılıq müddətində ətrafındakı sağlam münasibətləri ya tamamilə itirir, ya da zədələyir. Ətrafını daha çox özü kimi asılı şəxslərdən formalaşdırır. Ancaq sosial adaptasiya dövründə bu insanlarla davranma formaları da öyrədilir.
Anonim Narkomanlar Cəmiyyəti nədir?
Narkotikdən müalicə aldıqdan sonra evə buraxılan şəxs mütəmadi olaraq, Anonim Narkomanlar Cəmiyyətini ziyarət edirlər. Bu cəmiyyətdə məxfilik tamamilə qorunur. Bununla yanaşı keçmiş narkomanların yığışdığı məkanda, onlar gündəlik qarşılaşdıqları çətinlik barəsində bir-birini məlumatlandırır, dərdlərini bölüşürlər. Anonim Narkomanlar Cəmiyyəti sağalma prosesinin vacib nüanslarından biridir.